Dünya Uşaq Xərçəngi Günü ilə bağlı tədbir keçirilmişdir
Bakı, 15 fevral (AZƏRTAC). Hər il fevralın 15-i tarixi Dünya Uşaq Xərçəngi Günü kimi ictimaiyyət nümayəndələrinin və dövlət strukturlarının diqqətini bu problemin həllinə cəlb etmək üçün dünyanın 120-dən çox ölkəsində qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bununla bağlı fevralın 15-də Beynəlxalq Mətbuat Mərkəzində “Leykemiya ilə mübarizə” İctimai Birliyi bu xəstəlikdən əziyyət çəkən uşaqların və onların valideynlərinin, həkimlərin iştirakı ilə tədbir keçirmişdir.
Tədbirdə məlumat verilmişdir ki, 279 xəstə uşaq “Leykemiya ilə mübarizə” İctimai Birliyinin qeydiyyatındadır.
Birliyin direktoru Mehriban Bağırova çıxış edərək bildirmişdir ki, ayrı-ayrı vətəndaşların köməyi ilə 122 uşağa dərman preparatlarının alınmasında, onların xaricdə müalicə olunmalarında və kommunal problemlərinin həllində yardım göstərilmişdir.
Sonra Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun həkimləri leykemiya xəstəliyi haqqında və bu xəstəliklə mübarizə istiqamətində ölkəmizdə görülmüş işlər haqqında ətraflı məlumat vermişlər. Qeyd edilmişdir ki, leykemiya və ya leykoz qan xərçəngidir. Xəstəliyə bütün yaşlarda rast gəlmək mümkündür. Ötən əsrdə leykoz diaqnozu təsdiqlənən xəstə ölümə məhkum sayılırdı. Bu gün isə dünyanın inkişaf etmiş ölkələrində leykozdan tam sağalma şansı 95 faiz təşkil edir.
Daha sonra Respublika Talassemiya Mərkəzinin şöbə müdiri Nərgiz Əliyeva təmsil olunduğu tibb ocağının fəaliyyəti barədə məlumat verərək bildirmişdir ki, Azərbaycanda ilk dəfə mart ayında irsi qan xəstəlikləri ilə bağlı 3 nəfərdə sümük iliyi transplantasiyası həyata keçiriləcəkdir.
Tədbirin sonunda “Leykemiya ilə mübarizə” İctimai Birliyinin ölkəmizdə leykemiya xəstəliyinin müasir və keyfiyyətli müalicəsinin tətbiqi üçün hazırladığı tədbirlər planı haqqında məlumat verilmişdir.