DÜNYADA ƏRZAĞIN QİYMƏTLƏRİ ARTMAQDA DAVAM DAVAM EDİR
AZƏRTAC xəbər verir ki, istehsalın artmasına baxmayaraq, dünyada ərzağın qiymətləri qalxmaqda davam edir. Bu haqda Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məruzəsində bildirilmişdir. İyunun 3-də həmin təşkilatın himayəsi altında İtaliyanın paytaxtında dünyada ərzaq təhlükəsizliyi problemlərinə həsr edilmiş iri beynəlxalq konfrans açılmışdır.
FAO-nun məlumatına görə, ərzağa olan tələbatın daim artdığı şəraitdə qiymətlər rekord səviyyəyə çatır və yaxın beş-yeddi il ərzində aşağı düşməyəcəkdir. 2008-ci ilin fevralında ərzağın qiymətləri bir il əvvəlkindən 53 faiz çox olmuşdur. Cari ildə dünyada ərzaq məhsullarının idxalına 1035 milyard dollar xərclənəcəkdir ki, bu da 2007-ci ildəkindən 215 milyard dollar (26 faiz) çoxdur. Həmin göstərici ən yoxsul ölkələr üçün 40 faiz artıq olacaqdır. Mütəxəssislər qeyd edirlər ki, ərzağın qiymətlərinin artması ümumdünya problemidir və istisnasız olaraq bütün ölkələrə aiddir.
Aclıq təhlükəsi və ərzağın bahalaşması şəraitində onun bölüşdürülməsinin idarə edilməsi, torpaq və su ehtiyatlarının tükənməsi, iqlim dəyişiklikləri, enerjı daşıyıcılarına tələbatın artması və planet əhalisinin çoxalması dərhal fəaliyyətə başlamağı və ilk növbədə, inkişaf etmiş ölkələr tərəfindən təcili tədbirlər görülməsini tələb edir.
FAO isə bir tərəfdən, ən çox ehtiyacı olan dövlətlərə fövqəladə yardım göstərilməsi, digər tərəfdən isə, bu ölkələrdə kənd təsərrüfatının inkişafı və bərpası üçün şərait yaradılması yolu ilə onlara öz ehtiyatları hesabına ərzaq problemlərinin həll edilməsində kömək göstərilməsini nəzərdə tutan ikili strategiya təklif edir.