DÜNYADA QİYMƏTLƏRİN ARTMASININ SƏBƏBLƏRİ AÇIQLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Böyük səkkizlik” ölkələri tərəfindən qaldırılmış problem - ərzaq məhsullarının qiymətlərinin sürətlə artması problemi ciddi müzakirələrə səbəb olmuşdur. G8 zirvə görüşünə dəvət olunmuş Braziliya, Hindistan, Çin, Meksika və Cənubi Afrika Respublikasının liderləri bildirmişlər ki, qiymət artımının əsasında neftin bahalaşması, bioyanacağın hazırlanması üçün kənd təssərrüfatı məhsullarından istifadə edilməsi və beynəlxalq investisiya fondlarının ərzaq bazarında möhtəkirlik etmələri durur.
Ekspertlərin fikrincə, “Beşlik” ölkələri ərzaq məhsulları qiymətlərinin artımına görə bütün məsuliyyəti “Səkkizlik” ölkələrinin üzərinə qoyurlar. Qərbdə isə ərzaq məhsullarının bahalaşmasını çox vaxt inkişaf etməkdə olan ölkələrdə, məsələn, Hindistanda və Çində tələbatın artması ilə izah edirlər. Lakin “səbəbkarların” özləri bu mövqe ilə gətiyyən razılaşmırlar. Bunu Braziliya, Hindistan, Meksika və Cənubi Afrika Respublikası liderləri ilə görüşündə ÇXR sədri Xu Szintao bəyan etmişdir. Onun sözlərinə görə, qiymətlərin artmasından ən çox məhz inkişaf etməkdə olan ölkələr əziyyət çəkirlər, bahalaşmanın səbəbləri isə kompleks xarakter daşıyır. Belə olan halda beynəlxalq birlik “əməkdaşlığın səviyyəsini yüksəltməli və ərzaq təhlükəsizliyinin dəstəklənməsi üçün hərtərəfli tədbirlər görməlidir”.
“Səkkizlik” ölkələrinin liderləri isə öz növbəsində aclıqdan əziyyət çəkənlərə yardım göstərmək üçün əlavə tədbirlərin görüldüyünü bəyan etmişlər. Belə ki, ərzaq yardımı, qidalanmanın yaxşılaşdırılması sosial müdafiə işinin gücləndirilməsi və zərər çəkmiş ölkələrdə kənd təsərrüfatı istehsalının artırılması ilə bağlı məqsədlərin gerçəkləşdirilməsi üçün 10 milyard dollardan çox vəsaitin ayrıldığı bildirilmişdir.