DÜNYANIN ƏN BAHALI XİYABANLARINDA BİR KVADRATMETRLİK YERİN QİYMƏTİ NEÇƏ AVRODUR?
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, tanınmış firma və şirkətlər müxtəlif ölkələrin paytaxtlarındakı mərkəzi xiyabanlarda öz mağazalarını açmaq üçün dəridən-qabıqdan çıxırlar. Buna görə də həmin xiyabanlarda bir kvadratmetrlik yerə həddindən artıq yüksək qiymət qoyulur. Bahalı xiyabanlar siyahısında Nyu-York şəhərindəki V avenyü birinci yeri tutur. Şəhərin bir növ “şah damarı” hesab edilən bu xiyabanda bir kvadratmetr yerin qiyməti 11 min 983 avrodur.
Sonrakı yerdə gələn Honqkonqun Sozevay Bar xiyabanı Asiya qitəsində ən bahalı xiyaban sayılır. Yüzlərlə onmərtəbəli ticarət mərkəzinin yerləşdiyi xiyabanda bir kvadratmetr sahəni 9.688 avroya almaq mümkündür.
Kvadratmetri 7.364 avro olan və dünyanın ən gözəl xiyabanı hesab edilən Fransanın məşhur Yelisey Çölləri üçüncü yerdə gəlir. “Port”, “Lanven”, “Kartye” və “Şanel” firma mağazalarının yerləşdiyi Londonun Nyu Bond küçəsi dördüncü yeri tutur və burada hər kvadratmetr üçün 6.498 avro ödəmək lazım gəlir.
Beşinci yeri tutan Tokionun Jinza xiyabanında bir kvadratmetr yer 5.459 avroyadır. Dünyanın tanınmış “Prada”, “Kuççi”, “Hermes”, “Dior” firmalarının bu xiyabanda mağazaları vardır. “Şanel” firması xiyabanda mağaza açmaq üçün 15 milyon avro ödəməli olmuşdur.
Sonrakı yerləri İrlandiyanın paytaxtı Dublindəki Krafton Strit (bir kvadratmetr 5.340 avroya), İsveçrənin Sürix şəhərindəki Bahnhofstrass (3.926), Avstraliyanın paytaxtı Sidneydəki Pitt Strit (3.905), Yunanıstanın paytaxtı Afinadakı Ermu (3.600), Koreya Respublikasının paytaxtı Seuldakı Teheranno Strit (3.441), saatda 17 min piyadanın keçdiyi və Almaniyanın ən varlı şəhəri hesab edilən Münxendəki Kaufunqerstrass (3.120), 2 min ildən artıq yaşı olan və vaxtilə dünya ədəbiyyatı korifeylərindən Stendal və Hötenin yaşadıqları Romadakı Via Kondotti (3000), Madridin Presiados (2.880) və nəhayət hər il 7 milyon adamın gəzdiyi, yenidən qurulması üçün 2007-ci ildə hökumət tərəfindən 20 milyon avro ayrılmış Sinqapurdakı Orşayo Pood ( 2.597) xiyabanları gəlir.