Düşmənin təxribatı nəticəsində Beyləqanda dağılan evlərin təmir-bərpası davam edir VİDEO
Beyləqan, 24 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsində düşmən təxribatına məruz qalan yaşayış yerlərimizdən biri də Beyləqandır. Rayon ərazisinə atılan raketlər bir çox dağıntılara səbəb oldu. Həmin tikililərin bərpası üçün müharibədən dərhal sonra ölkə rəhbərliyinin tapşırığı ilə işlərə başlanıldı və artıq bir çoxunda yekunlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müharibə zamanı Beyləqanda erməni faşizminə məruz qalaraq dağıdılan ərazilərin bərpası davam edir. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq tikinti-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılır.
Erməni təxribatı zamanı evi dağılan sakinlərdən biri də Raya Abdullayevadır. Deyir ki, Vətən müharibəsi zamanı düşmən ordumuz qarşısında aciz qaldığı üçün dinc sakinləri hədəf aldı. Lakin sakinlər öz evlərini tərk etmədilər. “Zəfər yürüşü Qələbə ilə başa çatdıqdan sonra dövlətimiz tərəfindən dərhal tikinti-bərpa işlərinə başlandı. Bizim ev də raket atəşi nəticəsində dağılmışdı. Lakin artıq evimiz müasir standartlara uyğun inşa olunub və bizə verilib. Göstərilən diqqət və qayğıya görə Prezidentimizə minnətdarıq”, - deyə o söyləyib.
Müharibə günlərini xatırlayan Təhməz Məmmədov isə bildirir ki, düşmənin atdığı bomba zamanı yaşadıqları ərazidə bir neçə ev yerlə-yeksan oldu: “Ermənistan mütəmadi olaraq bu yerləri atəş altında saxlayaraq sakinləri qorxutmağa çalışsa da, öz niyyətinə çata bilmədi. Müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı azad etdi. Müharibədən sonra başlayan tikinti-bərpa işləri çərçivəsində bizim üçün də ev inşa olundu. Bu isə ölkə rəhbərliyinin sakinlərə olan diqqətinin bariz nümunəsidir”.
Sitarə Mirzəyeva da erməni faşizmindən əziyyət çəkən sakinlərdəndir. Onun sözlərinə görə, ermənilər oktyabrın 3-də onların yaşadığı əraziyə də raket atıb. “Qonşumuzun evində 2 bacı şəhid oldu, evlər isə tamamilə dağıldı. Buna baxmayaraq, biz ordumuza güvənirdik. Bilirdik ki, qələbə bizim olacaq. Elimizi-obamızı tərk etmədik. Ordumuz qısa vaxtda bizlərə qələbə bəxş etdi. Müharibədən sonra isə ölkə rəhbərliyinin göstərişi əsasında bizim üçün də evlər tikildi. İndi 5 otaqlı evimiz var. Buna görə Ali Baş Komandan İlham Əliyevə təşəkkürümüzü bildiririk” - deyə Sitarə Mirzəyeva söyləyib.
Qeyd edək ki, müharibə zamanı təkcə Beyləqan rayonu ərazisində 63 yaşayış və qeyri-yaşayış obyektində dağıntı qeydə alınıb. Hazırda dağılan evlər və tikililər yenidən qurulur. 55 tikilidə işlər yekunlaşıb, digərlərində isə tikinti-bərpa işləri davam etdirilir.