DUZUN YODLAŞDIRILMASINA HƏSR OLUNMUŞ SEMİNAR
Özbəkistan Səhiyyə Nazirliyi YUNİSEF-lə birgə Daşkənddə xörək duzunun yodlaşdırılması ilə bağlı beynəlxalq seminar keçirmişdir. Orta Asiya respublikaları, Rusiya və Azərbaycan nümayəndələrinin iştirak etdiyi bu seminarda yod çatışmazlığı və əqli inkişaf, Özbəkistanda istehsal edilən və xaricdən gətirilən xörək duzuna dövlət nəzarəti, dünya ölkələrində xörək duzunun yodlaşdırılması problemi, yod çatışmazlığının qarşısının alınmasının alternativ metodları, duzun yodlaşdırılması standartları üzərində nəzarət, duzun istehsalı və yodlaşdırılması ilə bağlı texnoloji aspektlər, duz istehsalçılarının fəaliyyəti və vəzifələri mövzularında müzakirələr aparılmışdır.
Azərbaycanı bu tədbirdə Milli Məclisin deputatı, Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəbli təmsil etmişdir. O, seminarda “Duzun yodlaşdırılmasının həyata keçirilməsində Azərbaycanın təcrübəsi” mövzusunda çıxış etmişdir. H.Rəcəbli öz çıxışında qeyd etmişdir ki, Azərbaycan parlamenti “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” qanun qəbul etmişdir və Azərbaycan Prezidenti ötən ilin dekabrında bu qanunu imzalamışdır. Həmin sənəd BMT tərəfindən model qanun kimi qəbul olunmuş və dünyanın 12 dilinə tərcümə edilmişdir.
H.Rəcəbli duzun yodlaşdırılması sahəsində Azərbaycanda görülən konkret işlər haqqında seminar iştirakçılarına geniş məlumat vermişdir. O, demişdir: - Biz cəsarətlə deyə bilərik ki, indi Azərbaycanda ancaq yodlaşdırılmış duz istehsal edilir və satışa da yalnız belə duz buraxılır.
Sonra Hadı Rəcəbli Özbəkistan Ali Məclisinin sosial məsələlər komissiyasının sədri Məşkurə Səfayeva və Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Əbdulrafiq Əhədovla görüşmüş, qonağa Özbəkistanda parlament islahatları və bir sıra digər məsələlər haqqında məlumat verilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd