“E-hökumət”in mobil versiyasındakı xidmətlərin sayı artırılacaq
Bakı, 11 noyabr, AZƏRTAC
“Elektron hökumət”in mobil versiyasının yaradılması əhaliyə göstərilən xidmətin yeni, əlavə modelidir. “Mobil hökumət” yaşından, sosial statusundan, təhsilindən, yaşayış yerindən asılı olmayaraq geniş kütlənin istifadə edə bilməsini təmin edir. Artıq ən aktual xidmətlərdən smartfonla, planşetlə, həmçinin ənənəvi mobil telefonla müvafiq autentifikasiya vasitələri (kod/parol, e-imza) ilə mobil tətbiqə daxil olub istifadə etmək mümkündür.
“E-hökumət” portalının operatoru olan Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, hazırda mobil versiyada təqdim olunan xidmətlərin sayı 20-dək olsa da, bu rəqəmin artırılması planlaşdırılır.
Statistikaya görə elektron arayışlar (çıxarışlar) portalda ən çox istifadə olunan xidmətlərdəndir. Buna görə də sosial tələbatın çox olduğu elektron çıxarışların mobil əlavəsi yaradılıb. Hazırda şəxsiyyət vəsiqəsi, yaşayış yeri, diplom, ümumtəhsil məktəbləri, rabitə xidmətləri haqqında arayışlar, eyni zamanda “tələbə məzun” dövlət elektron məlumat sistemindən çıxarış almaq mümkündür. Mobil əlavədə “Elektron ödənişlər” xidməti (https://www.e-gov.az/az/services/readwidenew/3425) barədə məlumatlandırma var. Bu bölmədə vətəndaş bir çox xidmətlər üzrə borc məlumatlarını əldə edə bilir. Eyni zamanda bu xidmətlər üçün bildiriş almağı aktiv etdikdə, ödənişlər barədə borclar və ödəmə bildirişlərini də vaxtaşırı əldə etmək mümkündür.