Əcnəbi tələbələr 20 Yanvar faciəsi haqqında məlumatlandırılıblar
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə əcnəbi tələbələr üçün 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli əcnəbi tələbələrə Azərbaycan xalqının milli azadlıq hərəkatı, həmin dövrün siyasi vəziyyəti və xalqın mübarizəsi haqqında məlumat veriblər. Çıxışlarda 20 Yanvar günü milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın silahlı təcavüz nəticəsində qətlə yetirildiyi bildirilib.
Bilik Fondunun beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Vətən uğrunda canlarından keçən oğul və qızlarımızın qəhrəmanlığından danışıb.