ƏDLİYYƏ AKADEMİYASINDA MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 15 İyun - Milli Qurtuluş gününə həsr edilmiş tədbir keçirilmişdir.
Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə 15 iyun 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın inkişafı, milli dövlət quruculuğu, cəmiyyətimizdə demokratik dəyərlərin bərqərar olunması və xalqımızın rifahının yüksəldilməsi sahəsində misilsiz xidmətləri anılmış, müdrik dövlət xadimi və dünya miqyaslı siyasətçi kimi fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən danışılmışdır.
Yığıncaqda qeyd edilmişdir ki, mənalı ömrünü hədsiz dərəcədə sevdiyi Vətəninin tərəqqisinə həsr etməklə Heydər Əliyev hələ sovet hakimiyyəti dövründən başlayaraq uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlamış, bu gün çoxlarının həsəd apardığı böyük iqtisadi, elmi və mədəni potensialımızın yaradılması üçün əlindən gələni əsirgəməmişdir.
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etmiş respublikamız, xarici və daxili təzyiqlərə, xəyanətkar qəsdlərə məruz qalan milli dövlətçiliyimiz məhz Heydər Əliyev müdrikliyinin, fədakarlığının, qətiyyətinin və yenilməz iradəsinin sayəsində xilas olaraq, yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz daimi, əbədi, dönməz xarakter almışdır.
Tədbirdə xüsusi vurğulanmışdır ki, Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı, Prezident İlham Əliyev ulu öndərin kursunu öz siyasi kursu elan etmiş və onu uğurla davam etdirir. Ölkə başçısının respublikamızın ərazi bütövlüyünə və suverenliyinə münasibətdə göstərdiyi prinsipial mövqe, vətəndaşlara qayğısı, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı istiqamətində qəbul etdiyi qərarlar, uğurlu neft strategiyası bunun ən bariz nümunəsidir.