ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI
Üçüncü ildir ki, noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Əlamətdar gün münasibətilə dünən ədliyyə orqanlarının işçiləri Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş mərd mübarizlərin xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Həmin gün nazirliyin binasında Azərbaycan milli dövlətçiliyinin ən yeni və şərəfli tarixinin yaradıcısı Prezident Heydər Əliyevə həsr edilmiş stendin açılışı olmuşdur. Stenddə Azərbaycan Prezidentinin “Sağlam mənəviyyat qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır” sözləri diqqətli cəlb edir.
Bayram günü nazirliyin binasının əsaslı təmir edilmiş yeni hissəsi, ən müasir avadanlıqla təchiz olunmuş kompüter tədris salonu istifadəyə verilmişdir.
Xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş ədliyyə işçilərinin ailə üzvləri, ədliyyə orqanlarının veteranları ilə görüşlər təşkil edilmişdir. Nazirlikdə əlamətdar günə həsr olunmuş yığıncaq keçirilmişdir. Nazir Fikrət Məmmədov çıxış edərək, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə bütün hüquq sisteminin inkişafı ilə bağlı görülmüş tədbirlərdən danışmış, ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək, onlara çətin və şərəfli işlərində uğurlar arzulamışdır. O, bildirmişdir ki, peşə bayramı ərəfəsində ədliyyə işçiləri Silahlı Qüvvələrə Yardım Fonduna keçirmək üçün 400 milyon manatdan çox vəsait toplanmışlar.
Tədbirdə bir sıra xarici dövlətlərin ədliyyə orqanlarının, beynəlxalq təşkilatların bayram təbrikləri oxunmuşdur.
Yığıncaqda respublikanın ədliyyə işçiləri adından Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul olunmuşdur.