CƏMİYYƏT
Ədliyyə nazirinə yeni müşavir təyin edilib

Bakı, 25 iyun, AZƏRTAC
Ədliyyə Nazirliyində yeni təyinat olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ədliyyə nazirinin müvafiq əmri ilə Elvin Hətəmzadə nazirin müşaviri vəzifəsinə təyin edilib.
Elvin Hətəmzadə 1987-ci ildə anadan olub. ABŞ-ın Park Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, Vaşinqton Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.
2012-2020-ci illərdə Dövlət Neft Şirkətinin Hüquq İdarəsində müxtəlif vəzifələrdə işləyib. 2020-ci ilin iyun-oktyabr aylarında Ali Məhkəmədə Beynəlxalq əlaqələr şöbəsinin müdiri, həmin ilin oktyabrından isə Ali Məhkəmənin Aparat rəhbəri vəzifələrində çalışıb.
Həmçinin 2016-2020-ci illərdə ADA Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, bir sıra elmi-tədqiqat məqalələrinin müəllifidir.
Elvin Hətəmzadə ABŞ-ın Nyu-York ştatının və Vaşinqton federal dairəsinin Vəkillər Kollegiyasının, ABŞ-ın Nyu-York ştatının Vəkillər Assosiasiyasının və Amerika Vəkillər Assosiasiyasının üzvüdür.