EDUARD ŞEVARDNADZE: “HEYDƏR ƏLİYEV ÖLKƏMİZİN TARİXİNDƏ DOSTLUĞUN VƏ QARDAŞLIĞIN TƏCƏSSÜMÜDÜR”
Prezident Eduard Şevardnadze tədbirdə çıxış edərək, bu müqavilələrin Gürcüstan üçün böyük əhəmiyyətini vurğulayaraq demişdir: “Bu gün mən dostum, qardaşım Heydər Əliyevin, - ulu Tanrıdan ona cansağlığı diləyirəm, - xüsusi rolunu, onun böyük xidmətlərini, özünəxas istedadını bir daha qeyd etməyə bilmərəm. Bunu təsadüfi demirəm, qoy heç kəs düşünməsin ki, bu tranzit marşrutlar yalnız Gürcüstandan keçə bilərdi. Digər marşrutlar da vardı, əməlli-başlı mübarizə gedirdi: Qərb istiqamətində, yoxsa başqa istiqamətdə? Qərb istiqaməti Gürcüstan idi. Bilavasitə Heydər Əliyevin təkidi və böyük səyləri sayəsində məhz bu istiqamət seçildi. Buna görə də bir daha qeyd etmək istəyirəm ki, cənab Heydər Əliyev ölkəmizin tarixində, bizim iki xalq münasibətləri tarixində böyük dost, dostluğun və qardaşlığın təcəssümüdür”.
Dövlət başçısı Bakı-Supsa neft kəmərinin çəkilişinə necə şübhə ilə yanaşıldığını xatırlayaraq nəzərə çarpdırdı ki, hər cür hədə-qorxulara, hətta şantajlara baxmayaraq, bu layihə uğurla həyata keçirildi. Heydər Əliyevin yenilməz iradəsi, Türkiyənin, ABŞ-ın, Avropa ölkələrinin və digər dövlətlərin o zamankı rəhbərlərinin dəstəyi, habelə Bakı-Supsa neft kəmərinin fəaliyyət təcrübəsi – bütün bunlar neft və qaz kəmərlərinin çəkilişi haqqında yeni qərarların qəbul olunmasına zəmin yaratdı. Bir neçə gün bundan öncə Bakı-Tbilisi–Ceyhan neft kəməri çəkilişinin Gürcüstan sahəsinin ən yüksək nöqtəsində oldum. Burada çalışanların xoşbəxtliyini öz xoşbəxtliyim hesab edirəm. Axı, o bölgə sakinlərinin, demək olar, başqa heç bir gəlir mənbəyi yoxdur.
“bp- Azərbaycan” şirkətinin prezidenti Devid Vudvord, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev, Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Giorgi Çanturiya və başqaları imzalanmış müqavilələrin tarixi əhəmiyyətindən söhbət açmışlar.
Qeyd edək ki, imzalanmış müqavilələrə uyğun olaraq, Gürcüstan tranzit qazının 5 faizini tranzit haqqı hesabına pulsuz alacaq, habelə ildə 0,2-0,5 milyard kubmetr qaz satın ala biləcəkdir.