Ehsan Zahidov: Bəzi namizədlərin polis orqanlarına çağırılması barədə yayılan məlumatların əsası yoxdur
Bakı, 7 fevral, AZƏRTAC
Son günlər bir sıra kütləvi informasiya vasitələrində parlament seçkilərinə qatılan bəzi namizədlərin polis orqanlarına çağırılması barədə yayılan məlumatların heç bir əsası yoxdur və bu, dezinformasiyadır.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov AZƏRTAC-a açıqlamasında deyib.
E.Zahidov bildirib ki, polis seçkiqabağı təşviqat prosesinin gedişinə müdaxilə etmir. Qanunla da polisin siyasi fəaliyyətə müdaxiləsi qadağandır. Lakin ictimai qaydanı qorumaq, ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifəsidir. Polisin daha bir vəzifəsi kütləvi tədbirlər zamanı asayişin mühafizəsini həyata keçirməkdir. Ona görə də seçkiqabağı təşviqat prosesində ictimai qaydanı pozan hərəkətlərin qarşısı polis tərəfindən alınır və bu cür hallar üzrə araşdırma aparılır. Yalnız qeyd etdiyim əməllərlə əlaqədar, eləcə də namizədin seçicilərlə görüşünə mane olma, təşviqat-nəşr materiallarını qəsdən məhv etmə kimi hüquqpozma törətmiş şəxs polisə dəvət edilir, onunla profilaktik söhbətlər aparılır və ya məsələ qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilir, o cümlədən protokol tərtib edilir yaxud araşdırmaların nəticələri üzrə digər qərarlar qəbul olunur.
DİN-in mətbuat xidmətinin rəisi bildirib ki, əgər qanun pozuntuları ilə bağlı polisin səlahiyyətlərinə aid məlumat deputatlığa namizəd tərəfindən daxil olubsa, bu halda da araşdırma aparılaraq lazımi tədbirlər görülür və təşəbbüskar məlumatlandırılır.