“Ekol Mühəndislik Xidmətləri”ndə 31 mart soyqırımı qurbanlarının xatirəsi yad edilib
Bakı, 31 mart, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC-də 31 mart soyqırımı qurbanlarının xatirəsi yad olunub.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, martın 31-də QSC-də 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 99 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və onların Azərbaycan xalqını yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarıb. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.
Qeyd edilib ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il “31 mart Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanına əsasən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 1998-ci ildən bəri respublikamızda 31 mart hər il Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Gələcəkdə bu kimi halların baş verməməsi üçün biz gənc nəsli vətənpərvərlik və mübarizlik ruhunda tərbiyə etməliyik.
Tədbir iştirakçıları bütövlükdə ermənilərin vandalizm və işğalçı siyasətinə sonsuz qəzəb hissi ilə öz etirazlarını bildirib və soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.