Ekologiya İdarəsində “Carbon Limits” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir
Bakı, 10 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin əməkdaşları ilə Norveçin “Carbon Limits” şirkətinin “CL” nümayəndələri arasında görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə idarənin əməkdaşları, “CL” şirkətinin baş məsləhətçisi Tore Holm, məsləhətçilər Stefaniya Saunier, Ege Valentines və “Azerbaijan Engineering and Consulting” şirkətinin eksperti Zakir Kərimov iştirak etmişlər.
Yığıncaqda neft-qaz sektorunda səmt qazlarının “0 yandırılma” texnologiyası, qaz nəqli sistemində atmosferə atılmaların hesablanması üçün yeni əmsalların təyini sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunmuşdur.
Görüşdə həmçinin “CL” tərəfindən may ayında Bakıda keçirilməsi nəzərdə tutulan seminar haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, təşkil olunacaq seminarda “Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycanda səmt qazının məşəldə yandırılmasının tədqiqi” layihəsinin icrası barədə məlumat veriləcəkdir. Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilir və Dünya Bankının “Səmt Qazlarının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq (GGFR)” Təşkilatı ilə birgə idarə olunur.
Həmin seminarda ARDNŞ-in iqlim dəyişmələrinə təsirin azaldılması üzrə strategiyasının icrası sahəsində əldə etdiyi uğurlar barədə tədbir iştirakçılarına məlumat verilməsi nəzərdə tutulmuşdur.