Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşları qəbul ediblər
Bakı, 30 avqust, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən avqustun 30-da Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Lənkəran, Lerik, Masallı, Yardımlı və Astara rayonlarının sakinlərini qəbul edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl Muxtar Babayev və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Həmin gün Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri Firdovsi Əliyev Lerik, Rauf Hacıyev isə Masallı rayonlarından olan vətəndaşlarla görüşüblər.
Qəbullar zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasına, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.