Ekologiya və Təbii Sərvətlər Nazirliyi Beynəlxalq Yer Günü ilə əlaqədar tədbirlərə başlamışdır
Bakı, 16 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il 22 aprel - Beynəlxalq Yer Günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu il də paytaxtda və regionlarda ictimaiyyətlə birgə iməciliklər keçirilərək yaşıllıqlara qulluq edilir, təmizlik işləri aparılır, təhsil müəssisələrində ekoloji təbliğat xarakterli dəyirmi masalar, görüşlər, seminar məşğələlər, mətbuatda çıxışlar təşkil edilir.
Beynəlхalq Yer Gününün keçirilmə ənənələri ХIХ əsrin 40-cı illərinə təsadüf edir. Belə ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif olunmuşdur. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanmışdır. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədi ilə həmin günün adı dəyişdirilərək, “Yer günü” adlandırılmışdır.
1990-cı ildən başlayaraq “Yer günü”nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan milli parklara həsr edilmişdir. Məqsəd xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə ictimaiyyətin diqqətinin cəlb edilməsi olmuşdur.
Tədricən bu bayram beynəlxalq xarakter alaraq, hazırkı dövrdə 150-yə yaxın ölkədə, o cümlədən respublikamızda qeyd olunur.