CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 200-dən çox əməkdaşı qanvermə aksiyasında iştirak edib
Bakı, 25 may, AZƏRTAC
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) növbəti qanvermə aksiyası keçirilib.
Aksiyada Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, respublikada artıq ənənə halını alan həmin nəcib aksiyada qurumun 200-dən çox əməkdaşı iştirak edib.
ETSN talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün səhhəti imkan verən hər kəsi bu xeyirxah aksiyaya qoşulmağa çağırır.