Ekspert: 2019-cu il dərinləşmiş islahatlar ili kimi yadda qalacaq
Bakı, 6 may, AZƏRTAC
Birinci rübün yekunları göstərir ki, ölkəmizdə aparılan islahatlar ümumi daxili məhsul istehsalı və qeyri-neft sektorunda artım tempinin qorunub saxlanmasına imkan verib.
Bu sözləri AZƏRTAC-a iqtisadçı ekspert Vüqar Bayramov deyib.
O qeyd edib ki, ÜDM-dəki artım, eyni zamanda, qeyri-neft sektorunun istehsal və ixrac imkanlarına mühüm təsir göstərir. Üç ayın nəticələri həm də islahatların alternativinin olmadığını bir daha təsdiq edir. Çünki hesabat dövründə iqtisadi islahatlarla yanaşı, sosial islahatları da müşahidə etdik. Belə ki, sosial paketdən 2,5 milyondan çox vətəndaşımız faydalandı, dövlət büdcəsindən bu istiqamətə 2 milyard manatdan artıq vəsait yönəldildi.
“Hesabat dövrünün yekunları onu deməyə əsas verir ki, Strateji Yol xəritələrinə uyğun olaraq Azərbaycanda yeni iqtisadi modelin formalaşması davam edir. Digər tərəfdən Strateji Yol xəritələrinə uyğun iqtisadi islahatlara bir model çərçivəsində baxılır. Bu, islahatların səmərəliliyi və uzunmüddətli effektivliyi baxımdan vacibdir. Həmin müddətdə Azərbaycanda strateji inkişafla bağlı yeni yanaşmanın nümayiş etdirilməsi, xüsusən də regionların inkişafı, gələcəkdə biznesin paytaxtdan bölgələrə transferi baxımından önəmlidir. Sənayeləşmə praktik olaraq bölgələrə transfer edilir ki, bu da məşğulluğun təmin edilməsi və iqtisadiyyatın regional baxımdan balanslılığının qorunub saxlanması üçün vacibdir. Bu kontekstdən yeni strategiya həm də iqtisadi islahatların dayanıqlılığı, eləcə də iqtisadi inkişafın inklüzivliyi baxımdan önəmlidir ki, biz bunu birinci rübdə müşahidə etdik”, - deyə V.Bayramov əlavə edib.
“Dövlətimizin başçısının qeyd etdiyi kimi, həm iqtisadi, həm sosial islahatlar növbəti aylarda da davam edəcək. 2019-cu il bu baxımdan dərinləşmiş islahatlar ili kimi yadda qalacaq”, - deyə ekspert vurğulayıb.
İqtisadiyyata cəlb edilən yerli və xarici sərmayələrin həcmində artımların olduğunu deyən V.Bayramov qeyd edib ki, ölkəmiz növbəti dövrdə daha çox xarici sərmayə cəlb etmək imkanına malik olacaq. Həmin sərmayələr qeyri-neft sektoruna yönəldiyi üçün bu, iqtisadiyyatın şaxələndirilməsi və yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bu baxımdan birinci rübün yekunları növbəti dövr üçün nikbin proqnozların verilməsinə imkan yaradır.