Ekspert: Doktoranturada yeni ixtisaslar Azərbaycan ali təhsilinin beynəlxalq standartlara uyğunlaşmasına xidmət edəcək
Bakı, 3 avqust, AZƏRTAC
Nazirlər Kabinetinin qərarı ilə doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatına “Ədalət mühakiməsi hüququ”, “Hava hüququ və hava məkanının təhlükəsizliyi” və “Mədəniyyət hüququ” ixtisaslarının əlavə edilməsi Azərbaycan ali təhsilinin beynəlxalq standartlara uyğunlaşmasına mühüm töhfə verəcək.
Bu fikri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli söyləyib. Ekspert bildirib ki, son illər Azərbaycanın bir sıra universitetlərinin dünya üzrə reytinqlərdə irəliləməsi ali təhsil sistemində beynəlxalq təcrübəyə uyğun yeni ixtisasların yaradılmasını zəruri edir: “Beynəlxalq praktikada geniş tətbiq olunan bu ixtisasların doktorantura səviyyəsində təsnifata daxil edilməsi universitetlərimizin qlobal akademik məkana inteqrasiyasını daha da gücləndirəcək. Yeni ixtisasların yaradılması yüksəkixtisaslı elmi-pedaqoji kadr hazırlığına da yeni tələblər formalaşdıracaq. Bu sahələr üzrə ölkədə mütəxəssis çatışmazlığı olduğu hallarda onlayn təhsil imkanlarından, eləcə də xarici universitetlərin təcrübəsindən faydalanmaq mümkündür. Zərurət yaranarsa, qardaş Türkiyə də daxil olmaqla, nüfuzlu xarici ali təhsil müəssisələrinin mütəxəssisləri müəyyən müddətə Azərbaycana dəvət edilərək yeni istiqamətlər üzrə kadr hazırlığı prosesinə cəlb oluna bilərlər”.
Təhsil eksperti bildirib ki, Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmlənməsində nüfuzlu elmi jurnallarda dərc olunan məqalələrlə yanaşı, tədris və elmi ixtisasların beynəlxalq standartlara uyğunlaşdırılması da əhəmiyyət daşıyır. Bu baxımdan gələcəkdə doktorantura səviyyəsində yeni ixtisasların yaradılması prosesi davam edəcək.