Ekspert: Yaxın gələcəkdə Bosniya investisiyalarının Qarabağa cəlbinin şahidi olacağıq
Bakı, 13 aprel, AZƏRTAC
Son dövrlər Prezident İlham Əliyevin dünyanın önəmli ölkələrinə səfərləri və həmçinin xarici ölkə rəhbərlərinin də ölkəmizə səfərləri xeyli genişlənib. Azərbaycan Mərkəzi və Şərqi Avropa ilə əlaqələri müəyyən bir səviyyəyə çatdırıb. Nəzərə alaq ki, ötən günlərdə Bosniyanın önəmli dövlət adamları Azərbaycana səfər etdi. Vacib görüşlərin arxasınca Qazaxıstandan sonra Azərbaycan Prezidentinin Bosniyaya səfəri çox vacib siyasi və iqtisadi əhəmiyyətə malikdir. Sarayevoda hər iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bosniya keçmiş dövrlərdə də Azərbaycan və Türkiyənin haqq işinə hər zaman dəstək verib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov qeyd edib.
Onun sözlərinə görə, iki gün əvvəl Bakıya səfərə gələn Bosniyanın təhlükəsizlik naziri də Azərbaycanla Bosniya arasında vacib tərəfdaşlıq imkanlarını qeyd etmişdi. Bosniya və Herseqovinanın təhlükəsizlik naziri bildirib ki, təhlükəsizlik məsələləri və fövqəladə hallarla mübarizə ölkə üçün prioritet məsələdir. Azərbaycan Prezidentinin Bosniya səfərindən sonra iki ölkə arasında bu sahədə vacib mübadilələr aparılacağı mütləqdir.
Politoloqun fikrincə, qısa müddətdə "Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. Sazişi Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç imzalayıblar. Bu sazişlə də iki ölkənin fövqəladə hadisələr zamanı bir-birinə vacib dəstəklərini müşahidə edəcəyik.
T.İsmayılov vurğulayıb ki, Azərbaycanla Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlər yaxşı səviyyədədir. Qarşılıqlı səfərlər bu əlaqələri daha da artıracaq. Həm də unutmamalıyıq ki, Prezident İlham Əliyevin indiki məqamda Bosniyaya səfəri geopolitik kontekstdə də bizim üçün önəmlidir. Azərbaycan hazırda postpandemiya dövrünün əsas kommunikasiya qovşağını formalaşdırır. Ölkəmizin bu potensialı Bosniya ilə əlaqələrdə də mühüm əhəmiyyətə malikdir. Azərbaycan Asiyada Avropaya uzanan iqtisadi layihələrin açar bölgəsidir.
Ekspert qeyd edib ki, Azərbaycanın Bosniya və Herseqovinanın aqrar sənayesinə investisiya qoyuluşunun, sosial və humanitar layihələrə dəstəyi son səfərlə daha da gücləndiriləcək. Azərbaycan şirkətlərinin Bosniyada fəaliyyəti çoxşaxəli olacaq. Eyni zamanda, yaxın gələcəkdə Bosniya investisiyalarının Qarabağa cəlbinin şahidi olacağıq.