“Əl-Cəzirə” Media Şəbəkəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rolu barədə məqalə yayımlayıb
Qahirə, 16 oktyabr, AZƏRTAC
“Əl-Cəzirə” Media Şəbəkəsinin saytında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rolu barədə analitik məqalə yayımlanıb.
AZƏRTAC xəbər verir ki, Londonda fəaliyyət göstərən ekspert Əyyub Əl-Riminin müəllifi olduğu məqalədə Qarabağ bölgəsini işğaldan azad edən Azərbaycanın hazırda iqtisadi baxımdan ən yaxşı dövrlərindən birini yaşadığı qeyd olunub. Prezident İlham Əliyev ölkəsinin mövqelərini möhkəmləndirmək, Azərbaycanı qlobal ticarət üçün mühüm keçid məntəqəsinə çevirmək və Avropada həyati enerji mənbəyi olmaq, daha çox beynəlxalq siyasi dəstək qazanmaq üçün real şəraitdən səmərəli istifadə edir.
Müəllif diqqətə çatdırıb ki, Rusiya-Ukrayna gərginliyinin yaratdığı geosiyasi proseslərin mərkəzində Türkiyə-Azərbaycan vektoru durur. SOCAR şirkəti Avropaya qaz ixracını 30 faiz artıracağını, bu ilin birinci rübündə isə 2,6 milyard kubmetr qaz ixrac etdiyini və Azərbaycanın zamanla yarışdığını açıqlayıb. Cənub Qaz Dəhlizinin Azərbaycandan başlayan ikinci hissəsinin tamamlanmasından sonra Avropaya 20 milyard kubmetr mavi yanacaq ixrac ediləcək. Qaz ixracı infrastrukturunun inkişafını sürətləndirmək məqsədilə Avropa İttifaqı Azərbaycanla Avropanı birləşdirən qaz müqavilələrinin artırılması üçün 2,1 milyard dollar məbləğində maliyyələşdirməni təsdiqləyib.
Məqalədə ticarət dəhlizləri məsələlərinə də toxunulub. Müəllif qeyd edib ki, Avropa İttifaqının Çindən gələn ticarət yollarına alternativ axtarışı Azərbaycan, Gürcüstan, Özbəkistan və Çini Avropa ilə birləşdirən Orta Ticarət Dəhlizinə marağın canlanmasına səbəb olub. Son nəticədə Türkiyədən Avropaya çatacaq bu marşrutun onurğa sütunu isə Azərbaycandır. Brüssel yaxşı bilir ki, bu dəhlizin uğuru Azərbaycanda infrastrukturun gücləndirilməsindən asılıdır və bu, Avropa Komissiyasını sənaye sahəsində çalışan 25 min kiçik şirkəti dəstəkləmək üçün 2,2 milyard dollarlıq maliyyələşdirmə elan etməyə vadar edib. Eyni zamanda, Bakı Beynəlxalq Ticarət Limanının inkişafına da dəstək veriləcək. Azərbaycan hazırda paytaxtdan 70 kilometr cənubda yerləşən Ələtdə azad ticarət zonasını genişləndirir və Bakı limanının yenilənməsi və genişləndirilməsi işlərinin iki mərhələsi başa çatıb. Çindən Türkmənistana gələn bütün yüklər arasında birləşdirici nöqtə olacaq Xəzər dənizinin qərb ucu və sözügedən liman şərqdən qərbə konteynerlərin və yüklərin daşınması üçün nəzərdə tutulub və bu, Bakı limanını qlobal ticarət üçün əhəmiyyətli bir nöqtəyə çevirəcək.
Analitik məqalədə rəsmi Bakının bu proseslərdə siyasi dividendindən də bəhs edilib. Əl-Rimi yazıb ki, Azərbaycan Avropa İttifaqı üçün nüfuzlu ölkəyə çevrilməyə müvəffəq olub. Bakı enerji və ticarət sahələrində avropalılar üçün əsas tərəfdaşdır və iki tərəf arasında keçirilən yüksək səviyyədə görüşlər bunun sübutudur. Türkiyə və Azərbaycan prezidentlərinin strateji müttəfiqliyin möhkəmlənməsi istiqamətində birgə səyləri daha böyük uğurlar vəd edir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə