ƏL-FAYED BRİTANİYA MÜSTƏNTİQLƏRİNİ HƏQİQƏTİ GİZLƏTMƏKDƏ TƏQSİRLƏNDİRİR
Əl-Fayedin nümayəndəsi Maykl Koul dekabrın 14-də xüsusi olaraq keçirilən mətbuat konfransında demişdir: “Biz güman edirik ki, bütün bunlar təhqiqatın dayandırılmasına və həqiqətin gizlədilməsinə yönəldilmiş planın bir hissəsidir”.
Böyük Britaniya polisinin sabiq başçısı lord Con Stivens elə həmin gün təqdim etdiyi 900 səhifəlik məruzədə Parisdə baş vermiş qəzanı “faciəli təsadüf” adlandırmış və burada Britaniya xüsusi xidmət orqanlarının əli olduğunu bildirən əl-Fayedin ittihamlarını rədd etmişdir.
Məruzənin çap edilməsinə təxminən bir saat qalmış Parisin zərgərlik mağazalarından birinin sahibi bildirmişdir ki, Dodi əl-Fayed və şahzadə Diana adaxlanmışdılar və evlənməyə hazırlaşırdılar. Repossi soyadlı zərgər Frans Press Agentliyinin televiziyasına müsahibəsində demişdir ki, avtomobil qəzasından bir neçə saat əvvəl əl-Fayed onun mağazasına gələrək, Diana üçün nişan üzüyü seçmişdir.
Britaniya müstəntiqləri məruzədə əminliklə bildirirlər ki, şahzadə ilə onun dostu arasında adaxlanma olmayıb və Diana ondan uşaq gözləmirdi.
Məhəmməd əl-Fayed dəfələrlə demişdir ki, taxt-tacın varisi şahzadə Çarlzın keçmiş arvadının müsəlmanla nikahına yol verməmək məqsədi ilə qəzanı Britaniya kəşfiyyatının əməkdaşları planlaşdırmışdılar.