Əlcəzair Avropaya qaz ixrac edəcək transsəhra boru kəmərinin inşasını sürətləndirir
Qahirə, 12 fevral, AZƏRTAC
Əlcəzair Nigeriya qazını Avropaya nəql edəcək “Transsəhra boru kəməri” layihəsinin həyata keçirilməsini sürətləndirməkdə qərarlıdır.
AZƏRTAC Əlcəzair Xəbər Agentliyinə istinadla bildirir ki, fevralın 11-də Əlcəzair şəhərində uzunluğu 4128 kilometr olan boru kəməri layihəsi ilə bağlı 3 ölkə arasında "texniki-iqtisadi əsaslandırmanın yenilənməsi", "kompensasiya" və "məxfilik"lə bağlı üç saziş imzalanıb.
Boru kəməri işə salınandan sonra Nigeriya qazı əvvəlcə Nigerə, sonra Əlcəzairə nəql olunacaq. Oradan isə Əlcəzair qazını Tunis üzərindən İtaliyaya nəql edən "Transmed" boru kəməri vasitəsilə, ya da maye təbii qaza çevrilərək xüsusi yük gəmiləri ilə Avropa İttifaqına ixrac ediləcək.
Əlcəzairin energetika naziri Məhəmməd Arkab açıqlamasında bildirib ki, bu mühüm və strateji enerji layihəsi təbii qazın qlobal bazarlara çıxışını təmin etməkdə Afrika ölkələri arasında əməkdaşlığın bariz nümunəsidir. Nazir, həmçinin vurğulayıb ki, layihə bütün Afrika üçün strateji əhəmiyyət daşıyır və onun vasitəsilə hər il 20-30 milyard kubmetr Nigeriya qazı Niger və Əlcəzairdən keçərək beynəlxalq bazarlara, xüsusilə də Avropaya nəql ediləcək.
Qeyd edək ki, 2022-ci ilin iyulunda Əlcəzair, Nigeriya və Nigerin nazirləri arasında Böyük Səhradan keçəcək qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Həmin boru kəməri ilə, eyni zamanda, Sahel bölgəsi ölkələrinə qaz tədarük etməsi də nəzərdə tutulur.
Qlobal qaz və neft tələbatının artması və Rusiya-Ukrayna müharibəsi fonunda enerji qiymətlərinin yüksəlməsi layihənin əhəmiyyətini artırıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə