DÜNYA
Elektron surətlərin köməyi ilə insanları ölümsüz edəcəklər
Bakı, 5 aprel (AZƏRTAC). İnsan haqqında bütün informasiyanı kompyuterdə saxlayıb gələcək nəsillərə ötürmək mümkündür. Microsoft şirkətinin tədqiqat bölməsi hələ 2000-ci ildə insanın rəqəmsal surətinin yaradılması ehtimalını təsvir edən məqalə dərc etmişdi.
Məqalədə həmin məsələyə belə yanaşmışdılar: insan beyininin rəqəmləşdirilməsi eksperimentlərini aparmaqdansa, insanın həyatı haqqında maksimum informasiya toplayıb gələcək nəsillərə ötürmək yaxşıdır. Rəqəmsal daşıyıcıya bütün elektron göndərişləri, telefon söhbətlərini, habelə insanın eşitdiyi, gördüyü və danışdığı hər şeyi yazmaq mümkündür. Bu ideyanın zəif yerləri göz qabağındadır. Əvvələn, sanballı həcmdə sərt disklər (bir gün üçün təxminən 16 giqabayt, 10 il üçün 60 terabayt) lazımdır.
İkincisi, bədəninə kamera bağlayıb gəzməlisən. Üstəlik kameranı daim yükləməlisən. Tutaq ki, bir gün buna birtəhər dözürsən. Bəs bir il necə davam gətirəsən?
Üçüncüsü, həmin informasiyanın xeyli hissəsi maraqsız və lazımsızdır. Gördüyünüz kimi, bioloji beyinin imkanları hazırda texnikanı qat-qat üstələyir. Belə vəziyyət isə hələ uzun sürəcəkdir.