Elektron tibbin formalaşması və elmi-nəzəri problemləri haqqında monoqrafiya çapdan çıxıb
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova və institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın həmmüəllifliyi ilə “Elektron-tibb: formalaşması və elmi-nəzəri problemləri” adlı monoqrafiya çap edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda elektron tibbin mahiyyəti, imkanları, formalaşması, teletibbin inkişafı problemləri təhlil olunub. Monoqrafiyada e-tibbin elmi-nəzəri problemləri ətraflı şərh edilib, həkim qərarlarının qəbul olunması üçün tibbi ekspert sistemlərinin işlənilməsi, fərdi tibbi məlumatların informasiya təhlükəsizliyi və tibdə “Big Data” problemlərinə baxılıb. Həmçinin əşyaların interneti və sosial medianın e-tibdə yaratdığı imkanlar, onların fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasında rolu, tibbi sferada kadr təminatı ilə bağlı tendensiyalar və e-tibbin insan resurslarının formalaşması məsələləri nəzərdən keçirilib.
Nəşrin elmi məsləhətçisi AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, elmi redaktorları akademik Telman Əliyev və AMEA-nın müxbir üzvü Nuru Bayramovdur.
Monoqrafiya informasiya texnologiyaları, tibbi informatika, e-tibb sahələri üzrə mütəxəssislər, tədqiqatçılar, elmi işçilər, müəllimlər və tələbələrin də aid olduğu geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabın elektron variantını https://ict.az/uploads/docs/KITAB-e-tibb-350-Cap-Fin-Son-Sayt.pdf linkindən əldə etmək mümkündür.