ƏLİ HƏSƏNOV: “AZƏRBAYCAN ATƏT-DƏN QƏTİYYƏTLİ MÖVQE GÖZLƏYİR”
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli yolla nizama salınmasında ATƏT-dən qətiyyətli mövqe gözləyir.
Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AZƏRTAC-a bildirmişdir ki, Bakı ATƏT-in Minsk qrupundan Azərbaycanda beynəlxalq hüququn pozulmuş normalarının bərpası ilə bağlı Ermənistana tutarlı təsir gözləyir. Müasir dünya siyasətində ciddi amilə çevrilməkdə olan Azərbaycan ölkənin əsas probleminin - Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyümüz çərçivəsində həlli məsələsində bu amildən məharətlə istifadə etməlidir. Bütün dövlət orqanları, ictimai-siyasi təşkilatlar və Azərbaycan ictimaiyyəti bu problemi bütün səviyyələrdə qaldırmalıdır. Çünki bu, dövlət siyasətinin tələbidir. Bu, həm də Prezident İlham Əliyevin Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri qarşısında qoyduğu prioritet vəzifələrdəndir. Əsas vəzifə ondan ibarətdir ki, diplomatlarımız dünyada erməni lobbisinin Azərbaycana qarşı siyasətinə bütün istiqamətlərdə hücum taktikasını rəhbər tutaraq cavab verməlidir.
Əli Həsənov əlavə etmişdir ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi ölkədə fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlar və ictimai-siyasi qurumlar qarşısında da qoyulur. Eyni zamanda onlardan da Azərbaycanın pozulmuş hüquqlarının bərpası sahəsində fəal mövqe nümayiş etdirmək tələb olunur. Rəsmi Bakı ilk növbədə Avropada təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə məşğul olan əsas təşkilatdan - ATƏT-dən qətiyyətli mövqe gözləyir. Bu sahədə beynəlxalq təşkilatlarla iş aparılması, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın xaricdəki diplomatik xidmət orqanlarının üzərinə böyük məsuliyyət düşür.
######
