CƏMİYYƏT
Əlil arabasında idman rəqsi növü üzrə idmançılar “Azercell Telekom”un” tədbirində qonaq olublar
Bakı, 22 may, AZƏRTAC
Milli Paralimpiya Komitəsinin inkişaf, tədris və informasiya şöbəsinin müdiri, Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru Kamal Məmmədov və əlil arabasında idman rəqsi növü üzrə idmançılar Vüsalə Kərimova və Tamerlan Qədirov “Azercell Telekom” MMC-nin illik “İNFO 2015” tədbirində qonaq olublar.
“Əlil İdmançılara Dəstək” İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Azercell Telekom” MMC-nin gördüyü işlər və gələcək fəaliyyət istiqamətləri barədə, o cümlədən Milli Paralimpiya Komitəsi və yeni yaranmış Uşaq Paralimpiya Komitəsi haqqında geniş məlumat verilib.
Sonra Kamal Məmmədov Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun adından “Azercell Telekom”un rəhbəri Vahid Mürsəliyevə fəxri fərman təqdim edib. Vüsalə Kərimova və Tamerlan Qədirovun xüsusi hazırladıqları rəqslər gecəyə qeyri-adi rəng qatıbdır.
Tədbirdə Uşaq Paralimpiya Komitəsinin uşaq idmançılarının məşq prosesini əks etdirən videoçarx nümayiş olunub.
Qeyd edək ki, “Azercell Telekom” Uşaq Paralimpiya Komitəsini dəstəkləyən ilk və yeganə şirkətdir.