Əlilliyi olan gənclərlə bağlı yeni sosial layihəyə start verilib VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
DOST və Dövlət Məşğulluq agentlikləri birgə əməkdaşlıq çərçivəsində yeni sosial layihəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədrinin müavini Aygün Musayeva jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, məqsəd əlilliyi olan gənclərin potensialının və onların şəxsi bacarıqlarının inkişafı, məşğulluq imkanlarının genişləndirilməsidir: “Artıq layihə çərçivəsində ali təhsil müəssisələrində təhsil almış və almaqda olan əlilliyi olan şəxslər məlumatlandırılıblar. Onlar şəxsi bacarıqlarının inkişafı istiqamətində təlimlərə cəlb olunublar”.
Aygün Musayeva vurğulayıb ki, DOST Agentliyi son illər tətbiq edilmiş ən mühüm sosial islahat kimi səciyyələndirilir. “Agentlik əlilliyi olan gənclərin sosial rifahının yüksəldilməsi, onların cəmiyyətə inteqrasiyası ilə bağlı əhəmiyyətli layihələr həyata keçirməkdədir. DOST Agentliyi gənclərlə bağlı bir çox layihələr də reallaşdırır. Agentlik 6 ildir ki, "Könüllü dost" layihəsini həyata keçirir. Yaşı 14-dən çox olan şəxslər müxtəlif istiqamətlərdə könüllülük fəaliyyətinə cəlb edilirlər. Ümumilikdə indiyədək 180 minə yaxın gənc DOST Agentliyinə, 7 min gənc isə könüllülük fəaliyyətinə cəlb olunub, 300-ə yaxın gənc işlə təmin edilib, - deyə o diqqətə çatdırıb.