Təhlükəsizlik tədbirləri görmədən geriyə hərəkət edən avtomobil qəzaya səbəb olub VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 3-də axşam saatlarında paytaxtın Heydər Əliyev prospektində, metronun “Koroğlu” stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AZƏRTAC-a verilən məlumatda bildirilir ki, ilkin ehtimala görə, yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsinin qabarit hündürlüyünü nəzərə almadığından “Bağırov” tunelindən keçə bilməyib.
O, belə vəziyyətdə sağ kənar yola keçmək üçün təhlükəsizlik tədbirləri görmədən geriyə hərəkət edib. Hərəkətdə olan minik avtomobillərindən biri isə arxa tərəfdən ona çırpılıb.
NİİM sürücülərin nəzərinə çatdırır ki, "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. “Hadisə zamanı ölən və xəsarət alan olmasa da, bu qəzadan sürücülər bir nəticə çıxarmalıdırlar”, - deyə məlumatda vurğulanıb.