Göygöl rayonunda hisə verilmiş balıqların istehsalı sexində nöqsanlar aşkarlanıb
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən, “Okeanus” MMC-yə məxsus hisə verilmiş balıqların istehsalı sexində yoxlama keçiriblər.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, istehsal obyekti qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan qanunsuz fəaliyyət göstərir. Həmçinin obyektdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyət tələblərə cavab vermir.
Yoxlama zamanı məhsulların çeşidlənməsi, qurudulması və paketlənməsi üçün sahələrin təşkil edilmədiyi, işçi masaların korroziyaya davamlı materialdan təşkil olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, suyun filtrdən keçirilmədən istehsala verildiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək istehsal sexinə məhdudiyyət tətbiq olunub, icrası məcburi göstərişlər verilib.