Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə VII Ümumrespublika yarışının final mərhələsi keçirilib
Bakı, 26 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə VII Ümumrespublika yarışının final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan yarışlarda respublika üzrə əlilliyi olan 246 şəxs iştirak edib və onlardan 80 iştirakçı final mərhələsinə yüksəlib.
Beş idman növü - şahmat, dama, nərd, stolüstü tennis və qol güləşi üzrə keçirilən yarışlarda iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb və iştirakçıların bir hissəsi əlilliyi olan uşaqlar olub.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov bu kimi yarışların əlilliyi olan şəxslərin idmana, stolüstü oyunlara marağının gücləndirilməsi, onların idman potensialının üzə çıxarılması, eləcə də cəmiyyətə daha fəal inteqrasiyasının təşviqi məqsədi daşıdığını vurğulayıb. O, dövlət tərəfindən bu kateqoriyadan olan şəxslərin idmana cəlb olunması və bacarıqlarının dəstəklənməsi istiqamətində mütəmadi olaraq tədbirlərin həyata keçirildiyini, bu tədbirlərin inklüziv dəyərlərin güclənməsinə də töhfə verdiyini qeyd edib.
Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev diqqətə çatdırıb ki, akademiya bu cür təşəbbüslərin inkişaf etdirilməsi və əlilliyi olan şəxslərin idman biliklərinin artırılması istiqamətində uzunmüddətli layihələr həyata keçirir və idmanın inklüzivliyini təmin etmək üçün səylərini davam etdirir.
Final yarışlarının qalibləri təltif olunub, onlara mükafatlar təqdim edilib.
Qadınlar arasında qol gücü nominasiyası üzrə birinci yeri tutan 17 yaşlı Aytac Həziyeva yarışa ikinci dəfədir qoşulduğunu bildirib: "Seçmə mərhələdə də birinci oldum. Birinci yerə çıxmağı arzulayırdım, lakin kifayət qədər güclü rəqiblərim olduğu üçün bunu gözləmirdim. Çox sevindirici haldır ki, əlilliyi olan şəxslər üçün belə yarışlar keçirilir. Bu, əlilliyi olan şəxslərin özlərini cəmiyyətin bir fərdi kimi hiss etməsi, qaynayıb-qarışması üçün çox önəmlidir. Birinci olduğum üçün özümlə qürur duyuram, çox xoşbəxtəm".
Kişilər arasında qol gücü yarışında birinci olan Dilqəm Ağayev isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə belə yarışın təşkili üçün minnətdarlığını bildirib: "Bizim kimi həssas təbəqədən olan şəxslərə göstərilən yüksək diqqət və qayğıya görə təşəkkür edirəm. Yarış çox maraqlı və səmimi dostluq şəraitində keçdi. Çox həyəcanlı idim, çətinlik çəkdiyim an da oldu, amma qalib gəldim. Belə yarışlar tək Bakıdan deyil, regionlardan olan iştirakçıları da əhatə edir. Bu cür yarışların davamlı olmasını arzulayıram".