Əlilliyi olan şəxslərin “Şuşa İli - Şuşa Zəfəri” adlı tədbirdə əl işlərinin sərgisi olub
Bakı, 22 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Mədəniyyət Nazirliyi və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə “Şuşa İli - Şuşa Zəfəri” adlı ədəbi-musiqili tədbir keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə rəsmi şəxslər, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən sosial dəstək tədbirlərindən bəhs edərək həmin kateqoriyadan olan şəxslərin sosial təminatla əhatə olunduğu, onlara yönələn sosial ödənişlərdə mütəmadi artımlar edildiyi, xüsusilə son 4 ildə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunduğunu vurğulayıb.
Qeyd olunub ki, şəhid ailələri ilə yanaşı, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı həyata keçirilir. Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4100, ümumilikdə ötən dövrdə 13 min fərdi ev verilib. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 300-dən çox, ümumilikdə ötən dövrdə 7500-dən artıq avtomobil təqdim edilib.
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə yarış və müsabiqələr, sərgilər və konsertlər təşkil edilir, onların məşğulluq və özünüməşğulluq imkanları artırılır.
Tədbirdə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, tanınmış incəsənət xadimlərinin, Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin ifasında vətənpərvərlik mövzusunda şeir və musiqi nümunələri ifa olunub.
Tədbir iştirakçıları Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin “Şuşa İli - Şuşa Zəfəri”nə həsr olunan əl işlərinin sərgisi ilə də tanış olub. İştirakçılara təşəkkürnamələr təqdim edilib.