Əlizadə Əsgərli: İnstitutda dünya ədəbiyyatına baxışın yeni konsepsiyası və aspektləri müəyyənləşdirilib
Bakı, 1 noyabr, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 2013-2021-ci illərdə mədəni əlaqələrin coğrafiyasını xeyli genişləndirib. Bu ədəbi əlaqələr türk, Asiya, habelə Avropa ölkələrini əhatə edir. İnstitutda dünya ədəbiyyatına baxışın yeni konsepsiyası və aspektləri müəyyənləşdirilib, yeni şöbələr açılıb, ənənəvi şöbələrin funksiyası isə xeyli artırılıb.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun baş direktorunun müşaviri filologiya elmləri doktoru Əlizadə Əsgərli bildirib. Onun sözlərinə görə, institut Türkiyə, İran, Rusiya, Gürcüstan, Çin, Pakistan, Hindistan, Bolqarıstan, Qazaxıstan, Almaniya, Polşa və Ukraynanın ədəbi-mədəni qurumları ilə sıx əlaqələr qurub. “Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” mövzusunda beynəlxalq elmi konfrans, Birinci Türkoloji Qurultayın 90 illiyinə elmi sessiya, Oljas Süleymenovun 80 illiyi və Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilməsi münasibətilə mərasim və Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfransın keçirilməsi uğurlu işlər kimi qiymətləndirilə bilər.
Bu konfrans daxilində, həmçinin “Türk xalqlarının ortaq dərslikləri” mövzusunda “Ortaq türk tarixi”, “Ortaq türk ədəbiyyatı”, “Ortaq türk coğrafiyası” dərsliklərinin müzakirəsi keçirilib.
İnstitutda Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin iştirakı ilə “Sədi Şirazi dünyası” mövzusunda beynəlxalq elmi konfrans, Nobel mükafatı laureatı Nigeriya yazıçısı Vole Şoyinka ilə görüş, “Azərbaycan-Çin ədəbi əlaqələri müasir mərhələdə” mövzusunda tədbir, Kolumbiya yazıçısı professor Konrado Zuluaqa, Çin İctimai Elmlər Akademiyasının nümayəndə heyəti, habelə Moldovanın mədəniyyət və ədəbiyyat xadimləri ilə görüşlər keçirilib. İnstitutda Çin Xalq Respublikasının nümayəndələri ilə görüş olub, akademiyada Konfutsi İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb və Çin Mədəniyyət Mərkəzi açılıb. Ədəbiyyat İnstitutunda 2015-ci ildən Çin və Hindistan mərkəzləri fəaliyyət göstərir.
Alim bildirib ki, Aşqabadda keçirilən “Məhtimqulu Fəraqi və ümumbəşəri mədəni dəyərlər” adlı beynəlxalq konfransda Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin əməkdaşları iştirak ediblər. Bundan başqa, “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı”, “Məhtimqulu Fəraqi - dostluq və qardaşlıq nəğməkarı”, Özbəkistanın Xalq şairi, ədəbiyyatşünas-alim Camal Kamalın 80 illik yubileyinə həsr olunmuş “Camal Kamal və Azərbaycan ədəbiyyatı”, “Əzəli dostluq rişələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri”, “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” mövzularında beynəlxalq elmi konfranslar təşkil olunub. Ədəbiyyat İnstitutunda 2015-ci ildən Əlişir Nəvai Mərkəzi açılıb.
“İnstitutun baş direktoru akademik İsa Həbibbəyli “Mixail Şoloxov yaradıcılığının öyrənilməsi müasir mərhələdə: problemlər, konsepsiyalar və yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfransın, “Mirzə Fətəli Axundzadə və Azərbaycan ədəbiyyatının Qərbə inteqrasiyası” mövzusunda beynəlxalq konfransın təşkilatçılarından olub. İnstitutun müvafiq şöbələrində Avropa və Qərb ölkələrinin dillərini öyrənmək üçün xüsusi kurslar da təşkil edilib. Ayrı-ayrı mütəxəssislər bu sahədə tədrislə məşğul olurlar. Mühüm mövzuların tədqiqi, nəşri və təbliği, praktik təcrübəsinin öyrənilməsi sahəsində institutun “Müqayisəli ədəbiyyatşünaslıq” adlı beynəlxalq statuslu jurnalı böyük rol oynayır. İnstitutda konkret ölkə ədəbiyyatları üzrə “Dünya ədəbiyyatı” jurnalının xüsusi buraxılışları (qazax, özbək, türkmən, bolqar, türk və s.) da qeyd olunmalıdır”, - deyə Ə.Əsgərli əlavə edib.