“Elsevier”in nümayəndəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində seminar keçib
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də “Elsevier” beynəlxalq elmi bazasının Mərkəzi Asiya və Azərbaycan üzrə regional direktoru Aliya Ospanova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professor-müəllim heyəti üçün seminar keçib. Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Seminarda universitetin tələbə elmi cəmiyyətinin sədri, dosent Yunis Qəhrəmanov ADNSU alimlərinin fəaliyyətinin və onların elmi nəticələrinin dünya elmi ictimaiyyətinə tanıdılması baxımından beynəlxalq elmi bazalarla əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Universitetin professorlarının hər il attestasiya imtahanından keçdiyini bildirən sədr məqalələrin beynəlxalq və yüksək reytinqli elmi jurnallarda dərc edilməsinin nəticəyə böyük təsiri olduğunu bildirib.
“Elsevier”in səmərəli elmi-tədqiqat işləri üçün ən tanınmış və etibarlı informasiya resurslarını təklif etdiyini vurğulayan Aliya Ospanova beynəlxalq elmi bazanın “Science Direct” və digər xidmətləri, eləcə də ən böyük istinad bazası olan “Scopus” haqqında məlumat verib. Beynəlxalq elmi jurnallarda məqalə yerləşdirmək üçün tələb olunan standartlar haqqında dinləyicilərə məlumat verən direktor uğurlu məqalə yazmağın yolları haqqında danışıb.
Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və onlara sertifikat təqdim olunub.