Əlyazmalar İnstitutunun əməkdaşları elmi fəaliyyətlərini plan üzrə davam etdirirlər
Bakı, 13 aprel, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kollektivi sosial izolyasiya və xüsusi karantin rejimində elmi fəaliyyəti davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisə #evdə qal // işdən qalma rubrikası adı altında əməkdaşlarının fəaliyyətini təqdim edir. İnstitutun alimləri tədqiqat işlərinin nəticələrini nüfuzlu elmi jurnallara, müxtəlif elmi məcmuələrə təqdim edirlər. Bu nəşrlərin sırasında Əlyazmalar İnstitutunun mətbu orqanları (“Əlyazmalar yanmır”, “Elmi əsərlər”, “Filologiya məsələləri” jurnalları) da var.
Karantin dövründə çapa tövsiyə edilən məqalələrdən biri elmi müəssisənin Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aybəniz Rəhimovanın hazırladığı və “Əlyazmalar yanmır” jurnalına təqdim etdiyi “Oğuz türklərinin ortaq yazılı dastan abidəsi “Danişmənd Qazi Dastanı” başlıqlı məqaləsidir.
Məqalədə qeyd olunur ki, Oğuz türklərinin Çepni elindən olan Danişmənd Qazi tərəfindən 1071-ci ildə əsası qoyulan Danişməndlilər dövləti Mərkəzi Anadolunun Sivas, Niksar, Amasya, Tokat, Kayseri, Zamantı, Elbistan və başqa yerlərini əhatə edib. Bu dövlət Kiçik Asiyada, Anadoluda islamın, türklərin yayılmasında mühüm rol oynayıb. “Danişmənd Qazi dastanı”, “Qisseyi-Məlik Danişmənd”, “Qisseyi-Danişmənd Qazi”, “Kitabi-Məlik Danişmənd”, “Danişməndnamə” adları ilə tanınan dini-qəhrəmanlıq dastanı real tarixi şəxsiyyət - Danişmənd Qazinin və onun silahdaşlarının əsasən bizanslılarla mübarizəsindən, onların bölgədə islam dinini, türklüyü yaymasından bəhs edir. Dastanda XI-XIII əsrlərdə baş verən hadisələrdən danışılır. Əsərdə real tarixi hadisələrlə Danişmənd Qazi barədə əfsanələr özünəməxsus şəkildə birləşib.
Vurğulanıb ki, “Danişmənd Qazi dastanı”nda Orta və Cənubi Anadoluda baş vermiş hadisələr axıcı bir dillə təsvir edilib. Bir çox yerlər həm türklərin, həm də yunanların verdiyi adla qeyd olunur. On yeddi məclisdən ibarət bu əsərdə nəzmlə nəsr bir-birini əvəz edir. Hadisələr ardıcıl təsvir olunub. Müxtəlif dövrlərdə üç dəfə qələmə alınan dastanın əlyazma nüsxələri dünyanın bir sıra kitabxanalarında saxlanmaqdadır.