“Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər ediləcəkdir
Bakı, 11 may (AZƏRTAC). Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa dəyişikliklər olunacaqdır.
AZƏRTAC xəbər verir ki, layihədə 2006-cı ilin yanvar ayının 1-dək əmək pensiyasına çıxmış şəxslərin təqaüdlərinin artırılması məsələsi əksini tapmışdır. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov demişdir ki, iyul ayının 1-dən təqribən 845 min nəfərin pensiyası 40 faizə qədər artacaqdır. Bunun üçün isə illik təxminən 390 milyon manat büdcə vəsaiti sərf olunacaqdır.
S.Müslümov demişdir: “2006-cı ilin yanvar ayının 1-dək pensiyaya çıxmış bəzi vətəndaşların pensiyalarının aşağı həddi 85 manat təşkil edir. Yeni əlavə bu məbləğin orta hesabla təxminən 40 faiz artmasına imkan verəcəkdir”.
Qanuna təklif olunan əlavədə deyilir: “2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ilədək iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il iyulun 1-dən yenidən hesablanır”.
S.Müslümov onu da bildirmişdir ki, bu dəyişiklik 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə də şamil olunacaqdır. Bununla da həmin illərdə pensiyaya çıxanlarla 2011-ci il yanvarın 1-dək pensiya çıxanların təqaüdləri arasındakı fərq bağlanacaqdır. Pensiyası yüksək olan şəxslərin pensiyalarında isə azalma olmayacaqdır.
Bu dəyişiklik dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, məhkəmə, daxili işlər və prokurorluq orqanları işçilərinə şamil olunmayacaqdır.
Qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.