SİYASƏT
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNDƏ GÖRÜŞ
Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev Bakıda səfərdə olan Avropa Şurası Sosial birlik komitəsinin nümayəndəsi H.Qorset, AŞ Təminat İnstitutunun baş katibi professor D.Piters və hüquq elmləri doktoru P.Şokensin ilə görüşmüşdür.
Nazir respublikamızda mövcud vəziyyət haqqında məlumat vermiş, torpaqlarımızın 20 faizinin işğal edildiyi, 1 milyondan çox qaçqın və məcburi köçkünün olduğu şəraitdə sosial, iqtisadi islahatların aparılmasından, nazirliyin Beynəlxalq Əmək Təşkilatı ilə əlaqələrinin daha da möhkəmlənməsindən danışmışdır.
Qonaqlar bildirmişlər ki, səfər zamanı milli sosial müdafiə qanunvericiliyinin Avropa normalarına, xüsusilə Avropa Sosial Xartiyası və Avropa Sosial Təminat Məcəlləsinə uyğunlaşdırılması, gələcəkdə Xartiyanın respublikamız tərəfindən ratifikasiyası məqsədi ilə hazırlıq işlərinin aparılması üçün Azərbaycan hökumətinə və sosial tərəfdaşlara kömək göstəriləcəkdir.