ƏMƏYİN MÜHAFİZƏSİNƏ HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİLMİŞDİR
Seminarda bildirilmişdir ki, vətəndaşların əmək hüquqlarının qorunmasına nəzarət və işəgötürənlər tərəfindən mövcud əmək qanunvericiliyinin əməl olunmasını təmin etmək məqsədi ilə 1997-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Əmək Müfəttişliyi yaradılmışdır. Ötən dövr ərzində müfəttişlik tərəfindən vətəndaşların əmək hüquqlarının qorunması ilə bağlı minlərlə şikayət ərizilərinə baxılmış, araşdırmalar aparılaraq müvafiq tədbirlər görülmüşdür.
Dövlət Əmək Müffətişliyinin gördüyü işlərdən biri də əməyin mühafizəsi sahəsində məlumat bankının təşkilidir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə Beynəlxalq Əmək Təşkilatının birgə fəaliyyət proqramına əsasən, müfəttişlikdə Əməyin Mühafizəsi üzrə İnformasiya mərkəzi yaradılmışdır. Mərkəzin yaradılmasından əsas məqsəd ölkə üzrə əməyin mühafizəsinə dair bütün məlumatları toplamaq, digər müfəttişliklərlə, o cümlədən İnternet vasitəsilə beynəlxalq təşkilatlarla məlumat mübadiləsini təşkil etməkdir. Əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini İlqar Rəhimov mərkəzin açılışında çıxış edərək, onun böyük əhəmiyyəti olacağını vurğulamış, dünyanın 160 ölkəsində bu cür mərkəzlərin fəaliyyət göstərdiyini bildirmişdir.
Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi tərəfindən hazırlanmış tədbirlər planına əsasən, müfəttişliyin mütəxəssislərinin, işəgötürənlərin və həmkarlar İttifaqları nümayəndələrinin iştirakı ilə zona seminar müşavirələrinin keçirilməsi nəzərdə tutulur.