İQTİSADİYYAT
Əmlak Məsələləri Dövlət Xidməti ABŞ şirkəti ilə əməkdaşlıq edəcək
Bakı, 26 noyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) ilə ABŞ-ın “ESRI” şirkəti arasında Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycanda iqtisadi və coğrafi informasiya sahəsi üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib və “ESRI” şirkəti ilə əməkdaşlığın genişləndiriləcəyini diqqətə çatdırıb.
“ESRI” şirkətinin nümayəndəsi Sohail El Abd təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, hazırda dünyada Coğrafi İnformasiya Sistemləri 50 faizdən çoxu bu şirkətə məxsus texniki platformalarda hazırlanır və şirkət 73 ölkə ilə bu istiqamətdə əməkdaşlıq edir. O, regionun sürətlə inkişaf edən ölkəsi olan Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
ƏMDX-in rəis müavini Rüstəm Şahbazov Xidmətin daşınmaz əmlak idarəçiliyi sahəsində Torpaqların Elektron Kadastr Uçotu və Ünvan Reyestri informasiya sistemlərinin istismara verildiyini, hazırda milli məkan məlumatlarının formalaşdırılması, müvafiq informasiya sisteminin yaradılması və onun Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. R.Şahbazov layihələrin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla peşəkar IT həllərinə əsaslandığını və bu baxımdan “ESRI” şirkəti ilə imzalanan anlaşma memorandumunun önəmini vurğulayıb.