“Ən yaxşı məruzə” müsabiqəsinin nəticələri mayın 30-da açıqlanacaq
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən gənc alim, doktorant və dissertantlar arasında keçirilən “Ən yaxşı elmi məruzə” müsabiqəsi iştirakçılarının təqdimatları olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunub.
İnstitutun gənc alim, doktorant və dissertantları Aidə Yusifova, Ulduz Cəfərova, Mənsurə Hüseynova, Günay İsmayılova, Xədicə Məmmədyarova və Lalə Mahmudova müxtəlif mövzularda məruzələrini təqdim edib, sualları cavablandırıblar. Sonra məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müsabiqənin şərtlərinə uyğun olaraq namizədlərin elmi-tədqiqat mövzularına uyğun hazırladıqları məruzələr Ekspert Komissiyası tərəfindən qiymətləndirilib. “Ən yaxşı məruzə” müsabiqəsinin nəticələri mayın 30-da elan olunacaq. Qaliblərə diplom və pul mükafatları veriləcək. Həmçinin tədbirdə elmi nailiyyətlərinə görə, institutun bir gənc əməkdaşı “Gənclər üçün akademik Əli Quliyev” diplomu ilə təltif ediləcək.