“Eneolit və tunc dövründə Azərbaycanın metallurgiyası” monoqrafiyası çapdan çıxıb
Bakı, 20 avqust, AZƏRTAC
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru tarix elmləri doktoru professor Maisə Rəhimovanın “Eneolit və tunc dövründə Azərbaycanın metallurgiyası” monoqrafiyası çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, rus dilində olan monoqrafiyada yeni arxeoloji faktlar və kəmiyyət-spektral analiz üsullarının tətbiq edilməsi ilə elmi dövriyyəyə daxil olmuş elmi ədəbi materiallar əsasında Azərbaycanın qədim metallurgiyasının inkişafı dinamikasının problemlərindən söz açılır.
Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, tarixi-analitik əsərdə Qafqazın, Yaxın və Orta Şərqin, həmçinin Avropanın müxtəlif ölkələri ilə geniş müqayisədə qədim Azərbaycanın metal və metallurgiya üzrə tarixi problemlərinin çoxillik tədqiqat nəticələrinin ümumiləşdirilməsi aparılıb.
Əsərdə Azərbaycanda və Qafqazda eneolit dövründən ilk dəmir dövrünədək təbii mis mənbələri, mis-arsen xəlitələrinin (ərintilərinin), qalayın istifadəsi, qurğuşun və onun qatqılarının qədim Azərbaycan metallurgiyasında peyda olması, sürmə qatqısının paleometallurgiyada tətbiqi, göstərilən metal və qatqılardan tarixi dövrlər üzrə hazırlanmış maddi mədəniyyət nümunələri, qədim qızıl və gümüş məmulatlarının tərkibi və əyarı barədə geniş məlumat verilib.
Kitabda qədim metal əşyaların yayılma xəritəsi, Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda aşkar edilmiş müxtəlif dövrlərə aid metal məmulatların şəkilləri, onların dövrə və regiona görə kimyəvi tərkiblərini göstərən cədvəllər yer alıb.
Əsərin elmi redaktoru tarix elmləri doktoru professor Hidayət Cəfərov, elmi rəyçiləri professor Qüdrət İsmayılzadə, dosentlər Səfər Aşurov və Bəxtiyar Cəlilovdur. Monoqrafiya Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi şurasının qərarına əsasən çapa məsləhət görülüb. Əsər arxeoloqlar, tarixçilər, paleometallurgiya mütəxəssisləri, ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.