ERMƏNİLƏRİN QONDARMA SOYQIRIMI İDDİALARI İSRAİL PARLAMENTİNDƏ CİDDİ QARŞILANMIR
Ermənilərin qondarma soyqırımı iddiaları İsrail Knessetində ciddi qarşılanmır. Uğursuzluq ermənipərəst deputatları çaşdırmışdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Türkiyənin İsrail üçün əhəmiyyətini bu ölkənin parlamentində yaxşı anlayırlar. Ermənilər artıq neçə ildir ki, qondarma iddialarını İsrail Knessetinin gündəliyinə çıxarmağa çalışırlar. Hər dəfə də cəhdləri uğursuz olur.
Bu il də ermənipərəstlər Azərbaycan və Türkiyənin mövqeyini dəstəkləyən deputatların maneəsini keçə bilmədilər. Qondarma soyqırımına havadarlıq edənlər məsələnin İsrail parlamentinin təhsil komissiyasında müzakirə olunmasını istəyirlər. Çünki həmin komissiyada onlara dəstək verən çoxdur. Amma qondarma “soyqırımı”nı tanıyıb-tanımamaq məsələsini araşdırmaq İsrail Knessetinin müdafiə və xarici siyasət komissiyasına tapşırılmışdır.
İsrail Knessetinin yalançı erməni iddialarına biganə qalması, Azərbaycan və Türkiyə ilə münasibətlərini risk altına almaq istəməməsi parlamentin ermənipərəst üzvlərini bərk məyus edir.
İsrail parlamentindəki Azərbaycan Dostluq Qrupunun sədri Yosef Şaqal məsələ ilə bağlı obyektiv qərar çıxarılacağına inanır. Y.Şaqal İsraili Azərbaycanla qırılmaz tellər bağladığını vurğulayaraq bildirmişdir ki, bu dövlət Azərbaycandan ən çox neft alan ikinci ölkədir. İsraildə əslən Azərbaycandan olan 100 mindən artıq əhali yaşayır. Rəsmi Təl-Əviv Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Hər il onlarla qarşılıqlı rəsmi səfər həyata keçirilir. Ermənistan isə əksinə, yəhudi dövləti üçün heç bir strateji əhəmiyyət kəsb etmir. Diplomatik və iqtisadi münasibətlər yox dərəcəsindədir. Qüds şəhərində bir qrup erməni yaşasa da, bu icma ölkə qanunlarını pozmaq, ordudan yayınmaq, vergi ödəməməkdən başqa heç bir fəallıq göstərmir. Bu səbəbdən də İsrailin, həm də öz mənafeyinə zidd gedərək, qondarma erməni iddialarını qəbul edəcəyi inandırıcı deyil.