ERMƏNİSTAN–AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ YALNIZ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLL EDİLMƏLİDİR
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdir.
O demişdir: “BMT Baş Məclisində Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə qətnamənin qəbul olunması bir daha nümayiş etdirmişdir ki, dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Münaqişənin həllinin başqa yolunun olmadığını Ermənistan nə qədər tez başa düşsə, bu, bütün region və Ermənistanın özü üçün bir o qədər yaxşı olar. Mən Ermənistanın yeni xarici işlər naziri ilə görüşməyə hazıram. Ola bilsin, bu görüş ATƏT-in Minsk qrupu çərçivəsində baş tutacaqdır. Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri səviyyəsində hər hansı nəticələrə nail olunacağı tədbirdə, dövlət başçıları səviyyəsində görüşün keçiriləcəyi də istisna deyildir”.
E.Məmmədyarov Ermənistanın yeni xarici işlər nazirinin təyin olunması ilə əlaqədar danışıqlara sıfırdan başlamaq lazım gələcəyini düşünmədiyini bildirərək vurğulamışdır: “Biz Praqa prosesi çərçivəsində kifayət qədər məsələ müzakirə edib razılaşdırmışıq və həmin prosesi davam etdirməliyik”.
