CƏMİYYƏT
Ermənistan sərhədə yaxın ərazidə zavod tikmək üçün Azərbaycana hesabat təqdim etməlidir – Mütəxəssis

Bakı, 7 iyun, AZƏRTAC
Ermənistanın Azərbaycan ərazilərinə yaxın yerdə metallurgiya zavodu inşa etmək planı var. İstənilən bir metalın istehsalı zamanı çox sayda toksik tullantı əmələ gəlir. Çirkab sularında da sulfidlər, cürbəcür nitratlar, siyanidlər olur. Əgər Ermənistan əlvan metallar istehsal edəcəksə, məsələn, arsen, civə kimi tullantılar meydana gələcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov söyləyib.
O qeyd edib ki, əgər Ermənistan həmin tullantıları Araz çayına axıdacaqsa, bu, birbaşa Azərbaycanın ekologiyasına mənfi təsir edə bilər. Bu səbəbdən də Ermənistan sərhədə yaxın ərazidə zavod tikmək üçün Azərbaycana hesabat təqdim etməlidir. Bundan əlavə, həmin zavodun ətraf mühitə təsiri qiymətləndirilməli, sənəd halına gətirilməlidir. “Sənəddə ətraf mühitə zərərli təsirlərin necə azaldılması qeyd olunur. Amma biz son 30 ilə nəzər salsaq, Ermənistanın törətdiyi cinayətləri görərik. Anlamaq olar ki, onlar zavodun tikintisini də qanunauyğun şəkildə yerinə yetirməyəcəklər. Çünki Ermənistan Qafan, Qacaran, Dastakert kimi mədən ərazilərində qızıl, mis və digər əlvan metalların istehsalı zamanı Oxçucaya, Bazar çayına çoxlu miqdarda toksik maddələr axıdılıb. Bu ekoloji cinayət indi də davam edir",- deyə Rövşən Abbasov vurğulayıb.