DÜNYA
Ermənistanda rüşvət qumarxanalar vasitəsilə verilir
Bakı, 9 oktyabr (AZƏRTAC). Ermənistanda yeni və daha etibarlı rüşvətvermə mexanizmi tapılaraq işə salınmışdır.
Ermənistanda nəşr olunan “Aykakan Jamanak” qəzetinin müxbirləri apardıqları araşdırmanın nəticələrini dərc etmişlər. Onlar apardıqları müşahidələrin və adlarının açıqlanmasını istəməyən qumarxana sahiblərinin, bəzi rüşvət verən adamların fikirlərinə əsasən bildirmişlər ki, artıq Ermənistanda rüşvət qumarxanalar vasitəsilə verilir.
Əgər kimsə hər hansı bir dövlət məmuruna, məsələn, 10 min dollar rüşvət verməlidirsə, onda rüşvət verən əvvəlcədən razılaşdırılmış qumarxanaya gedir və orada qumar oynayaraq nə az, nə çox düz 10 min dollar uduzur. Sonra rüşvət alanın özü və yaxud etibarlı adamı həmin qumarxanaya gələrək 9 min dolları alıb aparır. Qumarxana isə 1000 dolları göstərdiyi xidmətlər üçün özünə saxlayır.
Qeyd olunur ki, Yerevanda və digər şəhərlərdə fəaliyyət göstərən qumarxanaların hamısı birbaşa və dolayısı ilə oliqarx-məmurlara məxsusdur.