ERMƏNİSTANIN İŞĞALÇILIQ SİYASƏTİNİ İFŞA EDƏN DAHA BİR SƏNƏD
Nazirlər Komitəsinə ünvanlanmış yazılı sual olan bu sənəd “Təcavüzkar Ermənistanın Cənubi Qafqazda sabitliyə və inkişafa ciddi təhlükə yaradan yeni işğal planları” adlanır.
Rafael Hüseynovun əvvəllər də hazırladığı və Nazirlər Komitəsinə yönələn suallarda olduğu kimi, bu sənəddə də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin mahiyyəti açıqlanır. Xüsusən, son dövrlərdə Ermənistanın atəşkəsi tez-tez pozması, Naxçıvan Respublikasına qarşı yeni işğal niyyətlərini həyata keçirmək barədə açıq bəyanatlar verməsi, Naxçıvanla bağlı işğalçı niyyətləri ilə birbaşa əlaqədar olan saxta, heç bir tarixi mənbələrə və həqiqətə əsaslanmayan iddialar ifşa edilir. Nazirlər Komitəsi qarşısında məsələ qaldırılır ki, Ermənistanın işğalçı siyasətini, Azərbaycan torpaqlarına qarşı yönələn yeni təcavüzkar niyyətlərini qabaqlamaq üçün təsirli tədbirlər görsün.
Sənəddə deyilir: “Avropa Şurasının xüsusi qətnaməsində (№ 1416 –2005) işğalçı olduğu və azərbaycanlılara qarşı etnik təmizləmələr apardığı əks etdirilmiş Ermənistan Respublikası son dövrlərdə hərbi əməliyyatları intensivləşdirməklə yeni işğal niyyətlərini ortaya qoymaqdadır. Dağlıq Qarabağdan kənardakı 7 rayonu zəbt etmiş Ermənistan bu bölgələri Azərbaycanın digər əraziləri və Dağlıq Qarabağ arasında bufer zonası adlandırır. Atəşkəs rejiminin mövcud olmasına baxmayaraq, son dövrlərdə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan yüz kilometrlərlə uzaqda yerləşən və Azərbaycanla həmsərhəd olan mövqelərində mütəmadi olaraq hərbi əməliyyatlar keçirməkdədir. Azərbaycanın dinc əhalisi və hərbi kontingenti arasında çoxsaylı itkilərlə və ölkəyə vurulan böyük maddi dağıntılarla müşayiət edilən bu hücumlar Ermənistanın yeni əraziləri işğal etmək məqsədlərini əyani şəkildə nümayiş etdirir. Ermənistanın getdikcə güclənən belə hərbi təzyiqləri Azərbaycanın Qazax rayonunda və Ermənistanla həmsərhəd digər rayonlarında kənd əhalisinin həyatını böyük təhlükə altında qoyduğundan, yeni məcburi köçkünlər dəstəsinin əmələ gəlməsinə ciddi zəmin yaradır. Digər tərəfdən, Azərbaycanın Naxçıvan Muxtar Respublikasını ələ keçirmək haqda Ermənistanın əvvəllər də mövcud olmuş niyyətləri indi daha açıq şəkildə bəyan edilməkdədir. Bununla əlaqədar həm Ermənistanda müvafiq hərbi və kəşfiyyat strukturları yaradılmış, həm sərhəd zolağında atəşkəsin pozulması halları artmış, həm də ərazi iddialarını saxta üsullarla əsaslandırmaq üçün guya Naxçıvanda hansısa köhnə erməni qəbirlərinin dağıdılması ilə bağlı əsası olmayan dezinformasiyaların yayılmasına başlanmış, Yerevanda ideoloji müharibənin yeni dalğasına start verilmişdir.
Ermənistan Respublikasının Cənubi Qafqazda sabitliyin kəskin şəkildə pozulmasına yönəlmiş bu narahatedici cəhdlərini nəzərə alaraq,
Rafael Hüseynov Nazirlər Komitəsinə sual edir
İşğalçı olduğu Avropa Şurası tərəfindən rəsmən təsbit edilmiş Ermənistanın yeni işğal niyyətlərini açıq-aşkar ortaya qoyduğu və həmin məqsədlə konkret addımlar atdığı indiki məqamda bu təhlükənin qarşısını almaq üçün Nazirlər Komitəsi öz səlahiyyətləri çərçivəsində təcavüzkarı dayandırmaq üçün hansı müzakirələr apara və hansı təsirli tədbirlər görə bilər?”