ƏSAS TƏHSİL BAZASINDAN ORTA İXTİSAS TƏHSİLİ MƏKTƏBLƏRİNƏ TƏLƏBƏ QƏBULU ELAN EDİLİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008-2009-cu
tədris ili üçün əsas (9 illik) təhsil bazasından orta ixtisas təhsili məktəblərinə tələbə qəbulu elan edir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, abituriyentlər sənədlərini iyunun 17-dən iyulun 31-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda aşağıdakı sənəd qəbulu komissiyalarına (SQK) təqdim edirlər.
Bakı şəhəri: Binəqədi rayonu 83, 246, 297 nömrəli məktəblər; Xətai rayonu 95, 55, 249 nömrəli məktəblər; Nəsimi rayonu 19, 46 nömrəli məktəblər; Səbail rayonu 190, 49 nömrəli məktəblər; Sabunçu rayonu 107, 75 nömrəli məktəblər; Qaradağ rayonu 139 nömrəli məktəb; Əzizbəyov rayonu 136 nömrəli məktəb; Nizami rayonu 210, 250 nömrəli məktəblər; Nərimanov rayonu 47, 178 nömrəli məktəblər; Yasamal rayonu 158, 225 nömrəli məktəblər; Suraxanı rayonu 85, 104 nömrəli məktəblər.
Digər rayonlar (şəhərlər): Rayon (Şəhər) Təhsil Şöbəsi. Xarici ölkələrin vətəndaşları sənədlərini TQDK-da yaradılmış komissiyaya təqdim edirlər.
Abituriyentlər SQK-ya aşağıdakı sənədləri təqdim edirlər: əsas təhsil haqqında şəhadətnamənin əsli (əsas təhsil bazasından təhsili əvvəlki illərdə başa vurmuş şəxslər bu sənədlə yanaşı təhsil aldıqları məktəbdən tam orta təhsil almadıqları haqqında arayış); təhsil aldıqları məktəbdən əsas təhsil pilləsi üzrə şəhadətnamənin nömrəsi göstərilmiş fotoşəkil olan arayış (arayışda fotoşəkil məktəbin möhürü ilə təsdiqlənir), doğum haqqında şəhadətnamənin əsli (2008-ci il iyulun 1-dək 16 yaşına çatmış gənclər şəxsiyyət vəsiqəsi); yeni çəkilmiş hamısı eyni olan 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil (ağ fonda, rəngli).
Abituriyentlər sənədlərini SQK-ya təqdim edərkən “Abituriyentin ərizəsi” formasını şəxsən doldurmalıdırlar. Hər bir abituriyent, eyni zamanda, müxtəlif təhsil müəssisələrinin təhsil forması ödənişsiz və ödənişli olan 5-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Xarici dövlətlərin vətəndaşları qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız təhsili ödənişli əsaslarla olan ixtisasları seçə bilərlər.
Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər test imtahanından əvvəl xüsusi qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanlarının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.
Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyent:
- iyunun 20-dən iyulun 20-dək seçdiyi ixtisasın aid olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib qabiliyyət imtahanının cədvəlini götürməli;
- iyulun 20-dən iyulun 28-dək seçdiyi ixtisasın aid olduğu təhsil müəssisəsində qabiliyyət imtahanı verməli;
- qabiliyyət imtahanını başa vurduqdan sonra iyulun 31-dək qabiliyyət imtahanı verdiyi təhsil müəssisəsində yaradılmış SQK-da ərizə forması doldurmalıdır.
Xüsusi qabiliyyət tələb edən ixtisası müvafiq qabiliyyət imtahanından məqbul alan abituriyent seçə bilər. Abituriyentə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçmək imkanı verilir.
Xüsusi qabiliyyət imtahanında məqbul ala bilməyən abituriyentlər ərizələrində yalnız qabiliyyət imtahanı tələb etməyən ixtisasları göstərə bilərlər.
Loqopediya ixtisasını seçən abituriyentlər nitq qüsurlarının olub-olmamasını müəyyən edən komissiyadan keçməlidirlər. Komissiya mərkəzləşmiş şəkildə iyulun 20-dən 28-dək (şənbə və bazar günləri istisna olmaqla) TQDK-da fəaliyyət göstərəcəkdir.
Abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən imtahan verirlər. İmtahanda abituriyentlərə hər fəndən 15 sual təqdim olunur. Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanuna əsasən ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı, Azərbaycan dili fənnindən də imtahan verirlər. Onlara Azərbaycan dili fənnindən 5, rus dilindən 10 sual təqdim olunur.
Müsabiqəyə ümumi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Qəbul olunan abituriyentlərin digər təhsil müəssisəsinə köçürülməsi, təhsil formasının və ya ixtisasının dəyişdirilməsi və təhsil haqqının ödənilməsi ilə bağlı müraciətlərinə baxılmır.
Əsas (9 illik) təhsil bazasından orta ixtisas təhsili məktəblərinə qəbulla bağlı ətraflı məlumatla, o cümlədən qəbul aparılan ixtisasların siyahısı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış olmaq mümkündür.