“ƏSİRLİKDƏ QALAN KƏNDİM”
AZƏRTAC xəbər verir ki, jurnalist, qanlı 20 Yanvar hadisələrinin və Qarabağ müharibəsinin canlı şahidi Gülbəniz Arifqızının (Beniz Spencer) “Əsirlikdə qalan kəndim” kitabı çapdan çıxmışdır.
Kitabın təqdimat mərasimində Ombudsman Aparatı mətbuat xidmətinin rəhbəri, yazıçı-publisist Zemfira Məhərrəmli, şair Çingiz Əlioğlu və başqaları çıxış edərək bildirmişlər ki, başı müsibətlər çəkmiş Füzuli mahalının səmasında qara buludlar görünəndə Bakıda ali təhsilini başa vuran G.Arifqızı tez-tez ata yurduna baş çəkmiş, hərbi hissələrə, batalyonlara gedərək, ön xətdəki vəziyyət barədə yazılar hazırlamışdır.
Natiqlər müəllifin doğulduğu, boya-başa çatdığı Füzuli rayonunun Yal Pirəhmədli kəndinin tarixini, təbiətini, sadə kənd adamlarının həyat tərzini, qədim el adət-ənənələrini, ermənilər tərəfindən işğal olunduqdan sonra insanların acınacaqlı taleyini əks etdirən yeni nəşri yüksək qiymətləndirmişlər.
Yazıçı-publisist Z.Məhərrəmli “Ön söz”də yazır: “Əsirlikdə qalan kəndin hekayəsi elə bütövlükdə Vətən haqqında bir dastandır. Yurd həsrəti dilə gələn, düşmənə nifrəti coşub-daşan müəllifin ülvi hissləri qəlbindən ağ səhifələrə süzülmüşdür. Elin layiqli qızı bu əsərində hələ qaysaq bağlamayan yaralarımızdan, itirilən yurd yerlərimizin göynəyindən söz açmışdır”.
Çıxış edənlər vurğulanmışlar ki, hazırada ABŞ-ın Kaliforniya ştatında yaşayan, lakin qəlbi hər an doğma Vətəni Azərbaycan ilə döyünən G.Arifqızı ölkəmiz haqqında həqiqətlərin okeanın o tayında yayılması istiqamətində mühüm işlər görür. Onun yaratdığı və Kaliforniyadakı soydaşlarımızı bir yerə toplayan Amerika-Azərbaycan Qadınlarının Dostluq Cəmiyyəti diasporumuzun daha sıx təşkilatlanması naminə böyük səy göstərir. 2007-ci ildə Yaponiya səfirliyinin təsis etdiyi Xoşməramlı səfir diplomuna, Jurnalistlər Birliyinin “Qızıl Qələm” mükafatına layiq görülmüş müəllifin təqdim etdiyi publisistik əsərdə erməni qəsbkarlarının və onların havadarlarının fitnəsi ilə törədilmiş dəhşətlər əks olunmuşdur.
Gələcəkdə ingilis dilində nəşri nəzərdə tutulmuş nəfis tərtibatlı kitabın redaktoru Aybəniz Əhmədovadır.
######
