Esmira Fuad: Bu kitab Azərbaycan tarixinin şanlı səhifələrinin əks olunduğu dəyərli mənbədir
Bakı, 24 dekabr, AZƏRTAC
“İlham Əliyev və Böyük Qayıdış” kitabı çox önəmlidir, çünki hadisələrdən müəyyən vaxt keçdikdən sonra baş verən proseslər daha aydın və dolğun şəkildə dərk olunur. Məhz bu baxımdan təqdim olunan kitab 44 günlük Vətən müharibəsini və bu müharibənin sonunda əldə etdiyimiz möhtəşəm Zəfəri mərhələli şəkildə, ardıcıl və sistemli formada izah edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri tədqiqatçı-alim Eldar Nuriyevin “İlham Əliyev və Böyük Qayıdış” kitabının təqdimat mərasimində “Əbədi Turan Kitab Fondu” İctimai Birliyinin sədri, filologiya elmləri doktoru Esmira Fuad jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, proseslərin dünya oxucusuna çatdırılması olduqca mühüm əhəmiyyət daşıyır.
“Bu kitabın təqdimat mərasiminin Prezident İlham Əliyevin doğum gününə təsadüf etməsi də xüsusilə önəmlidir. Çünki bu hadisə Azərbaycan xalqının tarixində son dərəcə əlamətdar və taleyüklü dövrü simvolizə edir. Vətən müharibəsi hər birimizin yaddaşında Prezidentimizin xalqla möhtəşəm monolit birliyi, milli həmrəyliyin ən yüksək nümunəsi kimi həkk olunub.
Prezident İlham Əliyev Qələbəyə imza atan, müharibəni Zəfərlə başa çatdıran bir liderdir. Onun qətiyyətli siyasi iradəsi, uzaqgörən strategiyası və xalqla birliyi nəticəsində Azərbaycan məğlub ölkə obrazından çıxaraq qalib və güclü dövlət səviyyəsinə yüksəlib. Bu baxımdan kitab yalnız tarixi hadisələrin təsviri deyil, eyni zamanda müasir Azərbaycan tarixinin şanlı səhifələrinin əks olunduğu dəyərli mənbədir”,-deyə E.Fuad vurğulayıb.